İTALİYA MƏTBUATINA 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI MATERİALLAR TƏQDİM EDİLMİŞDİR
Faciənin tarixi, həmin dövrdə SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasəti barədə məlumat verən səfir Emil Kərimov Bakı şəhərinə keçmiş SSRİ silahlı qüvvələrinin ağır zirehli texnikaya malik hərbi kontingentinin yeridilməsi nəticəsində günahsız insanların qətlə yetirilməsinin Azərbaycanın yeni tarixinin qanlı səhifələrindən biri kimi xatirələrdə qalacağını bildirmişdir. Həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsində güclü iradə nümayiş etdirmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini qeyd edən səfir, 20 Yanvar faciəsinin törədilmə səbəbləri və nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini vurğulamışdır.
Sonra burada yaşayan azərbaycanlılardan Elxan Əliyev, Zaur Cəlilov, Qalib Məmməd çıxış edərək, 20 Yanvar faciəsindən danışmışlar. Tədbirdə “Lider” telekanalının istehsalı olan “20 Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilmişdir.
20 Yanvar faciəsinin İtaliya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə səfirlik İtaliyanın nüfuzlu mətbuat nümayəndəliklərində müxtəlif görüşlər keçirmiş, hadisə ilə əlaqədar sənəd və fotoşəkillərdən ibarət materiallar toplusu “Corriere della Sera”, “La Stampa”, “İl sole24ore”, “La Repubblica”, “il Manifesto” qəzetlərinin redaksiyalarına təqdim edilmişdir.
Səfirlik 20 Yanvar faciəsi ilə əlaqədar məlumat hazırlayaraq, İtaliyanın dövlət orqanlarına, parlamentə, ölkədəki iqtisadi təşkilatlara, elmi-tədqiqat müəssisələrinə, İtaliyadakı diplomatik nümayəndəliklərə göndərmişdir.