İtaliya Muzeyində “Dərzi məktəbi. Təhsilə səyahət” adlı sərgi açılacaq
Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 13-dən 16-dək İtaliyadakı Park Simpeonedəki Dizayn və İncəsənət Muzeyində “Triennale di Milano” proqramı - “Dərzi məktəbi. Təhsilə səyahət” adlı sərgi açılacaq. Bu, Neapol brendinin 2000-ci ildə yaratdığı “Scuola di Alta sartoria”nın təcrübəsinə əsaslanan, təhsilə həsr olunmuş, İtaliyanın “Kiton” moda brendi ilə birgə layihəsidir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Neapola aid brend tərəfindən təsis edilmiş bu tədris müəssisəsi iyirmi üç il ərzində ənənələrin qorunub saxlanılması üçün zəruri olan və bütün dünyada dərzilik sənətinin davamlılığına zəmanət verən əla tədris layihəsi olub.
Əməkdaşlıq “Kiton” ilə birgə hazırlanmış və Milanda keçirilən Moda həftəsi zamanı təqdim olunmuş sərgi və tədrisin səmərəliliyinin artırılmasına və digər kontekstlərdə təkrarlana bilən keyfiyyətli modelin populyarlaşdırılmasına istiqamətlənən silsilə görüşlər şəklində qurulub. Sərginin məqsədi mədəni irs və məktəbin daşıdığı dərzi ənənələri haqqında danışmaqdır.
1968-ci ildə Neapolda Çiro Paone tərəfindən təsis edilmiş “Kiton” şirkətinin İtaliyada beş istehsal sahəsi, yarısından çoxu sənətkar olan 800-ə yaxın əməkdaşı var. Ötən illər ərzində şirkət 73 bazarda distribütorluğunu möhkəmləndirib və 60 monobrend butikin sahibidir.
Milan sərgisi (Triennale di Milano) - hər üç ildən bir keçirilən incəsənət və dizayn sərgisidir. Sərgi 1923-cü ildə memarlıq və sənaye dizaynı üzrə ikiillik tədbir kimi yaradılıb. İlk beş açılış Monsedə keçirilib. 1933-cü ildə sərgi Milana köçürülüb, formatı isə üçilliyə dəyişdirilib. Sərginin keçirilməsi yeri kimi memar Covanni Musio tərəfindən layihələşdirilmiş yeni Palasso del Arte seçilib.
1933-1996-cı illərdə sərgilər Beynəlxalq Sərgilər Bürosunun himayəsi altında keçirilib və 5-ci sərgi fəaliyyət sahəsini təsviri incəsənətə qədər genişləndirib. İyirmiillik fasilədən sonra sərgi 2016-cı ildə təkrar açılıb.