DÜNYA
İTALİYADA “ELLİK MAŞINLAR” PEYDA OLACAQ
Boş avtomobil gördünmü - sükan arxasına keç və ürəyin istəyən yerə sür get. İtaliya Ətraf Mühiti Mühafizə Nazirliyi tərəfindən elan edilmiş təcrübənin mahiyyəti bundan ibarətdir. Bu proqram mayın 24-də Turində və Venetsiyada start götürəcək, ilin sonunadək isə Modena, Bolonya, Genuya və Rimini də proqrama qoşulacaqdır. 2003-cü ildə isə “ellik avtolar” Florensiyada, Parmada, Romada, Breşiyada, Reco-Emiliyada və Milanda peyda olmalıdır.
Kommunal avtomobil proqramını ətraf mühiti mühafizə naziri Altero Matteoli təqdim etmişdir. O bildirmişdir ki, maşınlardan belə istifadə forması sığorta haqqını ödəməməyə, texniki xidmətdən keçmək və dayanacaq axtarmaq qayğılarından azad olmağa imkan verir. İtaliya şəraitində bu proqram ildə 1500 avroya qənaət etməyə imkan verir. Sürücülük vəsiqəsi olan hər bir adam şəxsi avtomobili olmasa da, həmişə sükan arxasında əyləşə bilər.
Şəhərlərdə maşınların çoxu hərəkətsiz qalaraq küçələri tutur. Nazirin sözlərinə görə, hər bir “ellik avto” gələcəkdə maşın yollarından 5-10 şəxsi maşını sıxışdırıb çıxarmağa imkan verəcəkdir. Bu sistemdən istifadə etməyin illik “abunə haqqı” 150 avro üstəgəl 100 avro məbləğində üzvlük haqqı olacaqdır.
Mühərriki işə salmaq üçün sürücü barədə məlumat yazılmış və əvvəlcədən kodlaşdırılmış kartlar tələb olunur. Kənar şəxs “ellik avto”nu sürə bilməz. Kartlarda yazılmış informasiyalar hər bir müştərinin nə vaxt və nə qədər maşın sürdüyünü müəyyənləşdirməyə imkan verir.
İTAR-TASS xəbər verir ki, ilkin məlumata görə, belə maşında bir kilometr yol qət etmək 0,15 - 0,40 avroya başa gələcəkdir. Güzəştlər sistemi tətbiq etmək də nəzərdə tutulmuşdur. Belə ki, gecə yarıdan səhər saat 7-dək kommunal avtomobildən istifadə yəqin ki, pulsuz olacaqdır.
İtaliyanın avtomobil paytaxtı olan FİAT bu yeni işdə birinci olacaqdır. Yerli konveyerdən çıxan azlitrajlı avtomobillər \”Punto”, “Panda, “Seyçento-nuova”\ may ayının sonunda avtomobil həvəskarlarının sərəncamına veriləcəkdir.