İTALİYANIN AZƏRBAYCANDA YENİ HƏRBİ ATTAŞESİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Martın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliyanın ölkəmizdəki səfiri xanım Marqarita Kosta, habelə bu ölkənin Türkiyədə və Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi, birinci dərəcəli kapitan Marko Kuçiz ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik S.Əbiyev qonaqları salamlayaraq İtaliyanın Azərbaycanda akkreditə olunmuş yeni hərbi attaşesini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik etmiş və ona uğurlar arzulamışdır.
Hərbi attaşe M.Kuçiz qeyd etmişdir ki, İtaliya və Azərbaycan müdafiə nazirlikləri arasında işgüzar münasibətlər yaratmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.
General-polkovnik S.Əbiyev Azərbaycan-İtaliya münasibətlərinin yaxşı vəziyyətdə olduğunu vurğulamış və bu əlaqələrin hərbi sahədə də normal inkişaf etdiyini söyləmişdir.
Sonra o, Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri və nəticələri haqqında qonaqlarla fikir mübadiləsi etmişdir. O,demişdir: “İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu münaqişə indiyədək öz həllini tapmamışdır”.
Azərbaycan-İtaliya hərbi əməkdaşlığı məsələsinə toxunan müdafiə naziri demişdir ki, biz bu məsələyə böyük əhəmiyyət veririk. Arzu edirik ki, Azərbaycan-İtaliya hərbi münasibətləri iki dövlətin hökumətləri arasında imzalanmış saziş şəklində davam etdirilsin.
Hərbi attaşe M.Kuçiz qeyd etmişdir ki, bu məsələ yəqin ki, yaxın zamanlarda öz müsbət həllini tapacaqdır.