İTAR-TASS AGENTLİYİ BAŞ DİREKTORUNUN BİRİNCİ MÜAVİNİ MİXAİL QUSMANIN ÇIXIŞI
Hörmətli İlham Heydəroviç!
Əziz dostlar!
Artıq üçüncü gündür ki, Bakıda rus nitqi, rus mahnıları səslənir. Bildirmək istəyirəm ki, Bakıda azərbaycanca danışırlar. Amma bu son üç gündə burada rusca danışırlar. Azərbaycan dili Nizami və Füzulinin, Nəsimi və Sabirin dilidir, böyük, gözəl dildir. Təəssüflər olsun ki, qonaqlardan heç kim bu incə, gözəl və böyük dildə sağlıq demədi. Lakin bütün həmkarlarımı inandırmaq istəyirəm ki, diplomumda “Azərbaycan məktəbində ingilis dili müəllimi” yazıldığına görə, mən məktəbdə dərs demək üçün Azərbaycan dilini minimum səviyyədə bilməliyəm. Odur ki, bir neçə il məktəbdə dərs demişəm və təcrübəm göstərir ki, Azərbaycanda öz ana dilini heyrətamiz dərəcədə bilən istedadlı uşaqlar böyüyürlər.
Bu salonda olanların bir çoxu, Azərbaycanın dövlət rəhbərləri, ən yaxşı adamları, Azərbaycan millətinin qaymağı, mədəniyyət xadimləri, Azərbaycan dilini ana dili bilən insanlar bu dildə tərbiyə alıb böyümüşlər və onu sevir, ona sadiqdirlər və eyni zamanda, rus dilinə də hörmət-izzətlə yanaşırlar.
Bu gün mənə doğma ali məktəbimdə - Slavyan Universitetində olmaq şərəfi nəsib oldu. Mən onu bitirəndə Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu adlanırdı. Mən bu gözəl universitetin tələbələrinə qüdrətli Azərbaycan şairi Səməd Vurğunun sözləri ilə rusca müraciət etdim. İndi isə, icazə verin, həmin sətirləri böyük Səməd Vurğunun yazdığı dildə oxuyum:
Yurdum, yuvam, məskənimsən,
Anam doğma Vətənimsən.
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!