İTAR-TASS AGENTLİYİNİN BAŞ DİREKTORU VİTALİ İQNATENKONUN ÇIXIŞI
Hörmətli Mehriban xanım!
Hörmətli İlham Heydər oğlu!
Əziz həmkarlar, dostlar!
Mən bilirəm ki, bu gün Azərbaycanda çox böyük bayramdır - Neftçilər günüdür. Lakin mənə elə gəlir ki, bu gün biz bu bayrama daha bir böyük bayram da - Rus dili günü bayramını da qoşmuşuq. Azərbaycanın ən böyük sərvəti neft sayılırsa, mən buna rus dilini də əlavə edərdim. Biz respublika rəhbərliyinin və burada oturanların hər birinin qonaqpərvərliyindən istifadə edərək, Bakıda bir neçə gün işlədik. Bir çox ölkələrin jurnalistlərini birləşdirən bu görüşümüz də Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyevin iki il öncə bizi buraya dəvət etməsi və Rus mətbuatının V Ümumdünya konqresini burada keçirməyi təklif etməsi sayəsində mümkün olmuşdur.
Demək istəyirəm ki, bu konqres öz məzmununa və təşkilati cəhətdən hazırlığına görə ən yaxşı konqres oldu. Yəqin ki, Heydər Əlirza oğlu da belə düşünmüşdü. Axı, bu şəhərdə rus dilinin və rusca təhsilin qorunub saxlanması baxımından böyük ənənələr mövcuddur. Bu şəhərdə rusdilli bütün məktəblər qalmışdır. Burada bu gün olduğumuz Slavyan Universiteti gözəl fəaliyyət göstərir. Bir sıra görkəmli yazıçılar rus dilində yaradırlar. Bu şəhərdə rus dilində düşünür və bizim ölkəmizə böyük məhəbbət bəsləyirlər.
Mən konqresimizin belə yüksək səviyyədə keçirilməsinə kömək edənlərin hamısına səmimi qəlbdən minnətdarlığımı bildirirəm.
İlk növbədə, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə və Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyevə konqres iştirakçılarına ünvanlanmış ürək sözlərinə görə təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, Lyudmila Aleksandrovna Putinanın burada, bu ziyafətdə iştirak etməsi bizim üçün böyük şərəfdir. O, rus dilinin təbliği və inkişafı üçün böyük iş görür.
Mən ölkələrimizin rəhbərlərinin şərəfinə, ölkələrimizin rifahı naminə uzun illər fəaliyyət göstərdikləri üçün onların sağlamlığı və xoşbəxtliyi şərəfinə badə qaldırıram!