İxtisaslaşdırılmış Magistr Müdafiə Şurasının iclası keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda magistrantların dissertasiyalarının müdafiəsi üçün təşkil olunmuş İxtisaslaşdırılmış Magistr Müdafiə Şurasının iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclas informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə 2022-2023-cü tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsinə həsr olunub.
İclasda “Kiber-fiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün metodların işlənməsi”, “İnnovasiya müəssisələrində məhsul istehsalı planlarının modelləşdirilməsi” ,“E-kommersiya sistemlərinin təkmilləşdirilməsi metodları”, “Elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi” mövzuları təqdim olunub.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək magistrantların təqdim etdikləri hər bir mövzunun müasir dövrdə aktuallıq kəsb etdiyini, magistrlik dissertasiyalarının tələblərinə cavab verdiyini və tədqiqat zamanı qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirib. Alim gənc tədqiqatçıları Azərbaycan elminin inkişafı və institutun elmi potensialının daha da gücləndirilməsi istiqamətində öz səylərini birləşdirməyi tövsiyə edib. O, İnformasiya Texnologiyaları İnstitutunun dünya elminin tələblərinə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsi, gənc tədqiqatçılara elm yolunda dəstək göstərilməsi işində yaxından iştirak etdiyini diqqətə çatdırıb.