SİYASƏT
Jan-Pyer Massias: Fransanın Qvianada açdığı internat məktəblərində cinsi zorakılıq halları ilə bağlı nümunələr var VİDEO
![Jan-Pyer Massias: Fransanın Qvianada açdığı internat məktəblərində cinsi zorakılıq halları ilə bağlı nümunələr var VİDEO](/files/2024/1/1200x630/1706879406177053703_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Bu tədbirin məqsədi mürəkkəb məsələ olan - XX əsrdə Qvianada yerli uşaqlar üçün açılmış və din xadimləri tərəfindən idarə edilən internat məktəblərinə dair ilk məruzəni müzakirə etməkdir. Hesab etmək olar ki, bu internat məktəbləri bir növ mədəni assimilyasiya, yerli xalqın mədəniyyətinin dekonstruksiyası, kilsə və dövlət qurumları tərəfindən həyata keçirilən imperializm modeli idi. Çünki bu internat məktəblərinə dövlət tərəfindən dəstək göstərilirdi. Məqsədimiz hadisələrin necə baş verdiyini təhlil etmək üçün araşdırma komissiyası yaratmağa ehtiyac olub-olmadığını nəzərdən keçirmək və sonra bu mexanizmlərlə bağlı atacağımız addımları müəyyənləşdirməkdir.
Bu fikri Fransa Milli Assambleyasında solçu demokrat və respublikaçı parlamentar qrupun, Lui Juane İnstitutunun (IFJD-Institut Louis Joinet) birgə təşkilatçılığı ilə keçirilən “Qviananın hindi əhalisinə dair həqiqət komissiyası” adlı kollokviumun iştirakçısı, IFJD-nin prezidenti Jan-Pyer Massias AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, Qvianada həmin internet məktəbləri sayəsində yerli əhali əvvəlcə fransızca danışmağa, dinlərini, xarici görkəmlərini, mədəniyyətlərini, həyat tərzlərini dəyişməyə məcbur oldular. O vaxtdan bəri yerli uşaqlar ənənəvi həyat tərzini tərk edərək özlərini başqa bir mədəniyyətin içində gördülər. Onlar öz mədəniyyətlərinin tam əksi olan bir modelə inteqrasiya etmək məcburiyyətində qaldılar. Bu, çox vacib bir amildir, çünki başqa bir mədəniyyətə uyğunlaşma sonrakı nəsillərdə ciddi travmalara səbəb oldu.
Jan-Pyer Massias Fransa hökumətinin bu zorakılıq əməllərini tanıması ilə bağlı suala cavabında deyib: “Hələ yox, lakin ümid edirik ki, komissiya onu bu məsələləri nəzərə almağa yönəldəcək. Bu, Fransada o qədər də asan deyil. Amma nümunələr olub, məsələn, Reuniondan Fransanın Kröz departamentinə köçürülmüş uşaqlarla bağlı. Fransadakı xristian internat məktəblərində cinsi zorakılıq halları ilə bağlı başqa nümunələr də var. Ümid edirik ki, Kanada, Yeni Zelandiya, İsveç, Finlandiya, Norveç və digər ölkələrdəki bu cür komissiyalar Fransada da olacaq”.