Jurnalist Gülşən Əkbərova: Ana dilimiz bizim kimliyimiz, düşüncə tərzimiz, ruhumuzun ifadəsidir
Bakı, 7 noyabr, AZƏRTAC
Mən 55 il televiziya sahəsində fəaliyyət göstərmişəm. Bu illər ərzində gənclərlə apardığım işlərdə ən çox toxunduğum mövzu ana dilimizin düzgün istifadə edilməsi olub. Çünki ana dilimiz bizim kimliyimiz, düşüncə tərzimiz, ruhumuzun ifadəsidir. Onun saflığını qoruyub-saxlamaq hər birimizin borcudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusunda panel sessiyada Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova söyləyib.
O, televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini vurğulayaraq bildirib: “Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir. Halbuki efir dili cəmiyyətə nümunə olmalıdır, çünki milyonlarla tamaşaçı onu eşidir, ondan öyrənir. Dövlətimizin başçısı İlham Əliyev də AMEA-da çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirdi. Doğurdan da əgər bir sözün bizdə qarşılığı varsa, xarici sözlər işlədilməməlidir”.
G.Əkbərova sonda gənc diktorlara, aparıcı və jurnalistlərə vurğu lüğətlərindən daha çox istifadə etməyi məsləhət görərək deyib: “Çünki düzgün vurğu, aydın tələffüz və ədəbi dilə sadiqlik efir mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dilimiz bizim milli sərvətimizdir. Onu qorumaqla biz öz kökümüzü, tariximizi və gələcəyimizi qoruyuruq”.