“JURNALİSTİKANIN ON QIZIL QAYDASI” KİTABININ TƏQDİMATI
19-da “Azərbaycan” mehmanxanasında Azərbaycan Jurnalistlər Birliyinin Avrasiya Fondunun dəstəyi ilə nəşr etdiyi “Jurnalistikanın on qızıl qaydası” kitabının təqdimat mərasimi keçirilmişdir.
Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər mərasimi açaraq, kitab haqqında ətraflı məlumat verdi. O bildirdi ki, İsveçin ən məşhur və təcrübəli jurnalistlərindən biri, SVT televiziyasının birinci kanalının xəbərlər redaksiyasının reportyoru, Erik Fixteliusun bu kitabında jurnalist işinin metodlarından, müsahibənin texnikasından, audio-video montajın üsullarından, radio və televiziya süjetlərinin dramaturji quruluş məsələlərindən, nitq mədəniyyətinin qorunması və efirdə danışmaq bacarığından, jurnalist etikasından, jurnalist sənətinin yaxın gələcək üçün inkişaf perspektivlərindən bəhs olunur. R. Əsgər E. Fixteliusun mərasim iştirakçılarına təbrikini oxudu.
Sonra BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, dosent Cahangir Məmmədli, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış etdilər. Natiqlər müasir Azərbaycan jurnalistikasının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışmaqla yanaşı, kitabla bağlı təəssüratlarını söylədilər, bu nəşrin gənc jurnalistlər üçün faydalı olacağını vurğuladılar və kitabın tərcüməçilərinə təşəkkürlərini bildirdilər.
Kitabı Azərbaycan dilinə Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev və Ramiz Əsgər tərcümə etmişlər.
Erik Fixtelius kitabın Azərbaycan dilində nəşrinə ön sözdə yazır: “ Mən çox fəxr edirəm ki, Azərbaycan Jurnalistlər Birliyindən olan həmkarlarım mənim kitabımın Azərbaycanda nəşr olunması və yayılması üçün böyük zəhmət çəkmişlər. Onlar mənim “Şövqlə işləməli!” adlanan birinci qızıl qaydamı kifayət qədər dəqiq, həm də mən bu barədə yazmazdan xeyli əvvəl başa düşmüşlər”.