“KARL STORZ” AZƏRBAYCANDA TƏRƏFDAŞ TAPACAĞINA ÜMİD EDİR
Şirkətin Türkiyədəki rəsmi distribüteri Mehmet Öğreten AZƏRTAC-ın müxbirinə demişdir ki, dörd gün müddətində 50-dən artıq şirkət bizim məhsullarımızla yaxından tanış olmuş və əməkdaşlıq etmək niyyətlərinin bildirmişdir. Onların əksəriyyəti yerli şirkətlər olduğu üçün ümid edirik ki, gələcəkdə burada fəaliyyətimizi genişləndirmək və rəsmi distribüterimizi təyin etmək üçün real imkan vardır. Almaniyada təşəkkül tapmış və 50 illik tarixi olan “Karl Storz”un hazırda Amerika, İtaliya, Fransa, Böyük Britaniya, Yaponiya, Sinqapur, Rusiya, Hindistan və digər ölkələrdə rəsmi distribüterləri fəaliyyət göstərir. Nümayiş olunan endoskopların əsas üstünlüyü sənayedə istifadə edilən parça hissələrinin, əl çatmayan və görünməyən iç təbəqələrin yerində, materiala xələl yetirmədən yoxlanılmasında istifadə olunmasıdır. Texniki xidmət zamanı bu texnologiya maşınların iş qabiliyyətini və göstəricilərini artırır, xərcləri və texniki qulluqla bağlı yükləmələri azaldır.
Endoskoplar həm enerji stansiyalarında çöküntü və zədələri müəyyən edir, istilik dəyişdiricilərinə, çürüməyə nəzarəti həyata keçirir, həm də qaz turbini və dizel mühərriklərinə, yanma kameralarına texniki baxış, təyyarə mühərriklərinin, avtomobillərin təmiri və texniki xidməti zamanı ortaya çıxan problemləri aradan götürməyə imkan verir.