SİYASƏT
KASYANOV: XƏZƏRİN TƏBİİ EHTİYATLARINDAN İSTİFADƏ EDİLMƏSİ HAQQINDA DANIŞIQLAR “BAŞ NAZİRLƏR SƏVİYYƏSİNƏ QALDIRILA BİLƏR”
ALMATI. Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə danışıqlar başa çatdıqdan sonra jurnalistlərə bildirmişdir ki, Rusiya ilə Qazaxıstan Xəzərin təbii ehtiyatlarından istifadə edilməsinə dair danışıqlar prosesini gücləndirmək barədə razılığa gəlmişlər. Görüşdə qeyd edilmişdir ki, Xəzər məsələsinə dair razılaşmaya tezliklə nail olmaq üçün “məsələ baş nazirlər səviyyəsinə qaldırıla bilər”. Hələliksə danışıqlar prosesi ekspertlər səviyyəsində gedir.
İTAR-TASS xəbər verir ki, görüşdə Qazaxıstan neftinin nəqli üçün Rusiyanın boru kəmərləri sistemindən istifadə məsələsinə də toxunulmuşdur. Görüşdə ənənəvi məsələlər - Baykonur kosmodromundan Rusiyanın istifadəsinə görə icarə haqqı, Qazaxıstana verilən elektrik enerjisinin haqqının ödənilməsi məsələləri də müzakirə edilmişdir. Kasyanov bildirmişdir ki, bu məsələlər “konstruktiv şəkildə” müzakirə olunmuşdur.