Kaya Kallasın səfəri həm diplomatik mesajlar, həm də regional şərtlər baxımından diqqətəlayiqdir - ŞƏRH
Bakı, 7 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri, həm verilən mesajlar, həm də gerçəkləşmə şərtləri baxımından münasibətlərin inkişafına müsbət təsir edən faktor kimi qiymətləndirilir. Bu səfər həm diplomatik mesajlar, həm də regional şərtlər baxımından ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərən strateji bir addım kimi dəyərləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasi ekspert Nazim Cəfərsoy səsləndirib.
Onun sözlərinə görə, səfər zamanı müzakirə edilən əsas mövzular ümumi kontekstdə tərəflər arasındakı əməkdaşlıq, spesifik olaraq enerji əməkdaşlığı, habelə siyasi və iqtisadi münasibətlərin inkişafı olub: "Kallasın Bakıda həm Prezident İlham Əliyev, həm də xarici işlər naziri Ceyhun Bayramov tərəfindən qəbul edilməsi müsbət faktorların vurğulandığı yüksəksəviyyəli görüşlər kimi qeyd olunub. Səfərin zamanlaması Azərbaycanın Avropa Parlamenti və AŞPA ilə münasibətlərində ciddi problemlərin olduğu dövrə təsadüf etməsi baxımından diqqətəlayiqdir. Bu addım Avropa İttifaqının əsas icraçı qurumlarının Bakı ilə birbaşa dialoqu qorumaq və əməkdaşlığı davam etdirmək iradəsini nümayiş etdirərək, mövcud gərginliyi azaldan müsbət bir amil kimi çıxış edir".
Siyasi ekspert qeyd edib ki, bu səfər Avropa İttifaqının icraçı və əsas səlahiyyət sahibi qurumlarının Azərbaycanla əməkdaşlığa davam etmək istəyinin göstəricisi kimi qiymətləndirilə bilər: "Kallasın Ermənistanda keçirilən Avropa Siyasi Birliyi zirvəsindən dərhal sonra Bakıya gəlməsi Avropa İttifaqının Cənubi Qafqazda daha balanslı hərəkət etmək istəyinin təzahürü ola bilər. Əvvəllər Gürcüstan və son illərdə Ermənistanın önə çıxarılmasına baxmayaraq, bu səfər münasibətlərdəki gərginliyi yumşaldan və müsbət çalarları önə çıxaran bir xarakter daşıyır".