Keçmiş döyüşçü: Səhərlər dağların arxasından boy göstərən günəşi doğma yerlərdə salamlamaq gözəl hissdir
Bakı, 1 dekabr, AZƏRTAC
Vətənə, torpağa olan məhəbbət anamızın laylası, nənəmizin nağılları ilə qanımıza hopub. Gözümü bu dünyaya açandan həmişə atamdan, babamdan yurdun təəssübünü çəkməyin, onu göz bəbəyi kimi qorumağın vacibliyini eşitmişəm. Elə bu hisslər altında da yurdumuzun başı üzərini qara buludlar alanda əlimə silah götürüb onun keşiyində dayanmışam.
AZƏRTAC xəbər verir ki, bunu Laçının müdafiəçilərindən biri Səlim Mehtiyev deyib.
Səlim 1974-cü ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub. Hərbi xidmətə çağırış yaşına çatmasa da, doğulub boya-başa çatdığı rayonun ən ağır günlərində silaha sarılaraq torpağının müdafiəsinə qalxıb. 18 yaşı tamam olmadığından onu könüllü kimi hərbi hissəyə qəbul etməyiblər. Yenicə yaradılmış özünümüdafiə batalyonunda şəxsən tanıdığı zabitlərin köməkliyi ilə bir müddət hərbi hissədə qaldıqdan sonra cəsarəti, üzüyolalığı ilə komandirlərin diqqətini özünə cəlb edə bilib. Bundan sonra gənc əsgərin döyüş yolu başlayıb.
“1992-ci ilin mayında Laçın rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması mənə çox ağır təsir etmişdi. Ailə üzvlərimiz, bütün qohum-əqrəbalarımız yurd-yuvasından didərgin düşmüşdülər. Laçının işğalından sonra rayonumuzun Kəlbəcər istiqamətindəki kəndlərinin müdafiəsində dayandım. 1992-ci ilin yayında məşhur “Hoçaz əməliyyatı”nın iştirakçısı oldum. Kəlbəcərin işğalı zamanı Laçının şimal istiqamətində döyüşçü yoldaşlarımla birlikdə erməni silahlı qüvvələrinin mühasirəsinə düşdük. Bir neçə gün döyüşə-döyüşə mühasirəni yarıb Murov aşırımına doğru çıxmağa çalışsaq da, bu, mümkün olmadı. Pərakəndə halda kiçik qruplara bölünərək qarlı aşırımlarla Kəlbəcərin ən ucqar kəndlərinə doğru geri çəkilməkdən başqa çıxış yolu qalmamışdı. Böyük çətinliklə doqquz döyüşçü yoldaşımla Kəlbəcər rayonunun Başlıbel kəndinə gedərək orada kahalara sığınan yerli sakinlərlə birlikdə dörd aya yaxın mühasirə həyatı yaşadım”, - deyə Səlim xatırlayır.
Yalnız 1993-cü ilin iyulunda mühasirədən çıxaraq xilas olan Səlim Mehtiyev deyib: “Üç il əvvəl bir güllə atılmadan Laçının geri qaytarılması keçmiş döyüşçü kimi məni hədsiz dərəcədə sevindirdi. Bu, çox böyük uğur idi. Müharibənin, savaşın nəticəsi hamıya bəllidir. Bu, çox böyük itki, qan-qada, çoxlu gəncin əzalarını itirməsi deməkdir. Mürəkkəb relyefə malik dağ şəraitində bu cür döyüşləri aparmaq xüsusilə çətin olur. Yaxşı ki, diplomatiya, düzgün aparılan siyasət nəticəsində hərb yolu ilə yox, dinc yolla bir sıra əraziləri erməni quldur birləşmələrindən təmizləmək mümkün oldu. Xain və bədxah düşmənin atəş səsi eşidilmədən Laçından çıxarılması çox böyük hadisə idi”.
Keçmiş döyüşçü doğma yurdun yenidən öz əzəli sahibinə qovuşmasını sevinc hissi ilə qarşılayıb: “Özünün qəhrəmanlıq ənənələri ilə tanınan doğma Laçın torpağının yenidən dirçəldilməsi qəlbimi iftixar hissi ilə doldurur. Dağlar diyarı qol açıb öz sakinlərini qoynuna çağırır. Artiq rayon mərkəzinin və Zabux sakinləri öz ev-eşiyinə qayıdıb, Sus kəndi öz sakinlərini qarşılamağa hazırlaşır. Hər səhər dağların arxasından boy göstərən günəşi doğma yerlərdə salamlamaq və yenə də dağlar arxasında onu qüruba yola salmaq çox gözəl bir hissdir. Bu gün laçınlıların bir hissəsi artıq bu hissləri yaşayır. Tezliklə el-oba həsrəti çəkən bütün sakinlər doğma ocağa dönərək öz həyatlarını ata-baba yurdunda davam etdirəcəklər. Mən də dünyaya göz açdığım həmin torpaqlarda yaşamaq arzusundayam”.