Kənd məktəbinin müəllimindən maraqlı tədris üsulu VİDEO
Masallı, 15 noyabr, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunun Dəmirçi kənd məktəbinin müəllimi Leyla Şıxəlizadə bu dəfə şagirdləri ilə musiqi dərsini fərqli formatda təşkil edib. Belə ki, o şagirdlərini dahi sənətkarlarımıza bənzədərək, onlara məşhur retro mahnılarımızı ifa etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərsi rollu oyunlarla keçməsi ilə tanınan ibtidai sinif müəllimi Leyla Şıxəlizadənin təşkil etdiyi daha bir səhnəcik sosial şəbəkələrdə maraqla qarşılanıb. Musiqi dərsində şagirdlərin hər biri Azərbaycanın korifey sənətkarlarının görkəmində onların bəstə və mahnılarını ifa ediblər. Hətta bu zaman şagirdlər qrim olunublar.
Leyla Şıxəlizadə deyir ki, bu formada dərsin təşkil olunması şagirdlərdə dərsə xüsusi maraq yaratmaqla yanaşı, həm də onlarda korifey musiqiçilər və ifaları haqqında təsəvvür formalaşdırır.
“Bu oyunları ilk dəfə təşkil edəndə gördüm ki, uşaqlara çox maraqlı gəldi. Sinifdə 15 şagird varsa, hərəsinə bir ad qoyuruq - biri Sara Qədimova olur, biri Rəşid Behbudov. Uşaqlar dərsə gələn zaman mən onları həmin adla çağırıram. Bu zaman uşaqlar ifaçıların adlarını rahatlıqla öyrənirlər. Rollu oyunlarla obrazların canlandırılması hər həftə şagirdlərə 10-15 tarixi şəxsiyyəti tanımasına imkan verir. Elə buna görə də digər dərslərdə də bu tip səhnəciklərin canlandırılmasına üstünlük verirəm”, - deyə Leyla Şıxəlizadə bildirir.

Sosial şəbəkələrdə etdiyi paylaşımları və qeyri-adi dərs keçmə metodu ilə seçilən Leyla müəllimə bu tip interaktiv metodları tətbiq etmək istəyən gənc müəllimlərə tövsiyələr də verir.
“İstər musiqi dərsi olsun, istərsə də bədən tərbiyəsi dərsi, bizim çempionatlarımız keçirilir. Bu, uşaqlar üçün çox maraqlıdır. Digər dərslərimizi də belə əyləncəli şəkildə keçirik. Çünki uşaq ona rahat olan mühitdə xoşbəxtdir. Bu xoşbəxtlikdir, səmimi mühitdir, belə olan halda uşaqlar daha çox öyrənirlər”, - o əlavə edib.


