Kərkük sevdalısı Qəzənfər Paşayev
Gənclər Kitabxanasında Əməkdar elm xadimi Qəzənfər Paşayevin 85 illik yubileyi qeyd edilib
Bakı, 23 dekabr, AZƏRTAC
Qəzənfər Paşayev tək Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da tanınan, sevilən, hörmətlə qarşılanan bir alim və ziyalı kimi tanınır. Xalqına, millətinə ruhən bağlı olan Q.Paşayev milli dəyərlərimizi və milli adət-ənənələrimizi dərindən bilən, qoruyan, öz elmi, bədii əsərləri və məqalələri ilə bizi-bizə tanıdan, gələcək nəsillərə milli ruhu aşılayan dəyərli alim, hörmətli ziyalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən tədbirdə kitabxananın direktoru Aslan Cəfərov deyib.
Tədbirin aparıcısı filologiya elmlər doktoru, professor Şirindil Alışanov kərkükşünaslıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçıların çox az olduğunu söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi alimin “Altı il Dəclə - Fərat sahillərində”, “Nəsimi edamdan sonrakı həyat” kitablarından bəhs edərək, “Nostradamusun möcüzəli aləmi” kimi əsərlərin tərcüməsində də onun əvəzsiz xidmətlərini qeyd edib.
Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov Qəzənfər Paşayevin uzun, keşməkeşli illərə arxalanan zəhmətinin, fəaliyyətinin Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşmasında mühüm rol oynadığını vurğulayıb.
Tanınmış şair Adil Cəmil ona həsr etdiyi şeirini səsləndirib.
Filologiya elmləri doktoru Aslan Salmansoy ensiklopedik zəkaya malik alimin türkman folklorundan, ayrı-ayrı yazıçılardan əsərlər yazdığını, öz vəsaiti hesabına daim xeyirxah işlər gördüyünü söyləyib.
Bakı Dövlət Universitetinin müəlliməsi Fəxriyyə İsayeva Q.Paşayevi əsl müdrik, qayğıkeş, xeyirxah bir müəllim, səmimi bir insan kimi xarakterizə edib.
Qəzənfər Paşayev kitabxana əməkdaşları tərəfindən hazırlanan “Kərkük sevdalısı Qəzənfər Paşayev 85” adlı videomateriala, elmi, bədii, publisistik yaradıcılığından, müəllifi olduğu kitablardan ibarət virtual və ənənəvi sərgiyə, biblioqrafik siyahıya görə Gənclər Kitabxanasının rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirib.