REGİONLAR
“Keyfiyyətli İdarəetmə Sistemi” üzrə təlim keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat, Tərəvəzçilik Elmi-Tədqiqat, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat, Heyvandarlıq Elmi-Tədqiqat və Əkinçilik Elmi-Tədqiqat institutlarında idarəetmə sistemlərinin ISO 9001:2015 sertifikatı üzrə hazırlanmış fəaliyyət planına uyğun olaraq əməkdaşlara “ISO təşkilatı və beynəlxalq idarəetmə standartları üzrə ilkin məlumat” təlimi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimdə fəaliyyət planının icrası zamanı nəzərdə tutulan keyfiyyət standartlarının hazırlanması, təşkilati strukturun, proseslərin, məlumat mənbələrinin və informasiya axınları kanallarının tədqiqi və təhlili, proseslərin qiymətləndirmə meyarlarının təyin edilməsi barədə məlumat verilib. O cümlədən əməkdaşlar risklərin təhlil edilməsi və qiymətləndirilməsi, buna müvafiq olaraq tədbirlər planının hazırlanması, daxili auditorların seçilməsi və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində görüləcək işlər, keçiriləcək təlimlər barədə məlumatlandırılıb.
Fəaliyyət planının icrasının iyul ayından başlayaraq dekabr ayına qədər davam etməsi, ilin sonunda elmi-tədqiqat institutlarının standartlara cavab verərək sertifikatlaşmadan keçirilməsi prosesinin tamamlanması nəzərdə tutulub.
Qeyd edək ki, ISO 9001:2015 sertifikatı biznesin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyət idarəetmə standartıdır. ISO 9001 sertifikatının İnstitutda tətbiq edilməsində məqsəd keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğun fəaliyyəti təkmilləşdirmək, məhsuldarlığı artırmaq, lazımsız xərcləri azaltmaq, proseslərin və xidmətlərin keyfiyyətini təmin etməkdir.
Təlimin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.