“KİTAB” CƏMİYYƏTİNİN YENİ TÖHFƏSİ
Cəmiyyətin idarə heyətinin sədri Zərifə Salahova AZƏRTAC-ın müxbirinə demişdir ki, “İndiqo” mətbəəsində nəfis şəkildə buraxılmış həmin kitabda ümummilli liderimiz Heydər Əliyevin 80 illik yubileyi münasibətilə onun ünvanına gəlmiş təbriklər toplanmışdır. Burada ABŞ prezidenti Corc Buşun, Fransa Respublikasının prezidenti Jak Şirakın, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin, Roma papası II İohan Pavelin, Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezərin və başqalarının səmimi arzuları ilə tanış olmaq mümkündür. Super dövlətlərin, eləcə də inkişaf etmiş və etməkdə olan dövlətlərin liderləri yekdilliklə etiraf edirlər ki, Azərbaycanın dünyada tanınmasında, ölkələrimiz arasındakı dostluq münasibətlərinin bugünkü səviyyəyə çatmasında Heydər Əliyev şəxsiyyətinin, onun uğurlu daxili və xarici siyasətinin, mükəmməl idarəçiliyinin rolu çox böyükdür. Bu mənada Qırğızıstan Respublikasının prezidenti Əsgər Akayevin məktubu daha xarakterikdir: “Əsasən Sizin istedadınız, müdrikliyiniz, əməksevərliyiniz, dəyanətiniz sayəsində qardaş Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini ildən-ilə möhkəmləndirərək, dünya birliyi ilə bərabər XXI əsrə sabit inkişaf edən dövlət kimi qədəm qoymuşdur.
Azərbaycan xalqı haqlı olaraq Sizə ölkəsinin tərəqqisi və təhlükəsizliyinin təminatçısı kimi baxır. Əminəm ki, Sizin fəaliyyətiniz Azərbaycan xalqının gələcəyi naminə yeni parlaq xariqələrlə əlamətdar olacaqdır”. Jak Şirak isə yazır: “Ölkəniz qarşısındakı, onun tərəqqisi naminə və sülh uğrunda misilsiz xidmətlərinizi qiymətləndirmək üçün mən Sizi Fəxri Legion ordeninin Böyük Xaçı ilə təltif etməyi qərara aldım. Arzu edərdim ki, Fransaya növbəti səfəriniz dövründə bu ordeni Sizə təqdim etmək məmnunluğunu duyum. Bunun mümkünlüyünü oğlunuz İlham ilə müzakirə etmişik”.
Təbriklərin müəllifləri Azərbaycanın iqtisadi qüdrətinin daha da artacağına, işıqlı gələcəyinə inandıqlarını xüsusi vurğulayırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atdığı addımlar göstərir ki, bu gələcək uzaqda deyildir, möhtərəm Heydər Əliyevin niyyətlərini onun layiqli davamçısı həyata keçirəcəkdir.
55x60 millimetrlik miniatür nəşrdə Heydər Əliyevin Corc Buş, Jak Şirak, Vladimir Putin, Əhməd Necdət Sezər və digər dövlət xadimləri ilə rəngli şəkilləri verilmiş, kitabın ölçüsü boyda Azərbaycanın xəritəsi və mədəniyyət abidələri əks olunmuşdur.