“KİTABXANA XALQ, MİLLƏT VƏ CƏMİYYƏT ÜÇÜN MÜQƏDDƏS YER, MƏNƏVİYYAT, BİLİK, ZƏKA MƏNBƏYİDİR”
AZƏRTAC xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bu fikir mayın 2-də Astara rayon mədəniyyət evində ulu öndərin anadan olmasının 85 illiyinə həsr olunmuş kitab bayramında səslənmişdir.
Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzərək müdrik rəhbərin xatirəsini ehtiramla yad etmişlər. Onlar mədəniyyət evinin foyesində «Heydər Əliyev- 85» kitab sərgisi, latın qrafikası ilə çap olunmuş dünya və Azərbaycan ədəbiyyatından nümunələr, Kakalos kənd mədəniyyət evinin «Əvəsor» folklor kollektivi nəzdində fəaliyyət göstərən «Nəcib qızlar» klubunun əl işləri, rayonun etnoqrafik mədəniyyət abidələri və yerli yazıçıların kitabları ilə tanış olmuşlar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, mədəniyyət və təhsil işçiləri, ziyalılar ictimaiyyətin nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı əvəzolunmaz xidmətlərindən danışmış, böyük rəhbərin kitab və kitabxana haqqında söylədiyi fikirləri diqqətə çatdırmış, Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamının əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Məktəblilər tədbirin iştirakçılarını şeir və mahnılarla salamlamışlar.
Sonda rayonun bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etmişlər.