Kitabxanada Ulu Öndərin Vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərindən danışılıb
Bakı, 14 iyun, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə kitabxananın direktoru Aslan Cəfərov müstəqil Azərbaycan Respublikasının müqəddəratında dönüş nöqtəsi kimi səciyyələndirilən Qurtuluş Gününün ölkəmizin tarixində tutduğu müstəsna əhəmiyyətindən danışıb. O deyib: “Müasir, müstəqil, azad Azərbaycan dövlətinin banisi, qurucusu və memarı, bütün həyat və varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycanın müasir, çağdaş tarixi ilə əbədiləşən əvəzsiz şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevdir”.
O, Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən, istər ölkəmizdə, istərsə də beynəlxalq miqyasda olan nüfuzundan danışaraq, müxtəlif dünya liderlərinin Heydər Əliyev haqqında söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini Günay Həsənova, şöbə müdirləri Tamella Məmmədova, Qənirə Mustafayeva, Mehriban Abbasova, Səadət Şəfiyeva, Xəyalə Məmmədova Ümummilli Lider Heydər Əliyevi Azərbaycan xalqının xilaskarı adlandıraraq, onun hakimiyyətə qayıdışını böyük bir xalqın qurtuluşu olduğunu, məhz onun sayəsində Azərbaycan Respublikasının dünya xəritəsindən silinmək təhlükəsindən qurtulduğunu qeyd ediblər və Ulu Öndərin təcrübəsi, rəhbərlik bacarığı, diplomatiq özəllikləri ilə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün bir örnək olduğunu söyləyiblər.
Çıxış edənlər Ümummilli Liderin bütün sahələrdə olduğu kimi mədəniyyətə, incəsənətə, ədəbiyyata, ana dilinə olan müstəsna qayğısından danışıblar.
Sonda kitabxana əməkdaşları tərəfindən 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar hazırlanan videomateriallar nümayiş edilib.