“KİV-LƏRİN DİLİ: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Ölkəmizin tanınmış dilçi alimlərinin, jurnalistlərin iştirakı ilə keçirilən tədbiri Mətbuat şurasının sədri Əflatun Amaşov açaraq konfransın məqsədindən və əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, konfransda dil və üslub xüsusiyyətlərindən, bu sahədə qazanılmış uğurlardan, mövcud çatışmazlıqlardan söhbət gedəcəkdir. Problemə daha ətraflı aydınlıq gətirmək məqsədi ilə çap olunmuş materiallarla bağlı monitorinq aparılmışdır.
Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev dərc edilmiş materialların dilindən danışarkən demişdir ki, bu sahədə zəngin ənənəyə malikik. Azərbaycan jurnalistikasının baniləri Həsənbəy Zərdabi, Cəlil Məmmədquluzadə və başqaları bizə gözəl nümunə qoyub getmişlər. Natiq vurğulamışdır ki, ümumilikdə Azərbaycanın mətbuat dilində heç bir problem yoxdur. Problem ayrı-ayrı fərdlərin səviyyəsi və hər bir jurnalistin danışıq mədəniyyəti ilə bağlıdır. Bununla belə, müasir mətbuat dilinə onların təsirini də inkar etmək olmaz.
Mətbuat Şurasının dil komissiyasının sədri, professor Kamil Vəli Nərimanoğlu “Azərbaycan mediasının dili, xüsusiyyətləri və problemləri”, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Qəzənfər Paşayev “Mətbuatda orfoqrafik normalar”, MŞ sədrinin müavini, AzTV-nin “Səhər” proqramının rəhbəri Qulu Məhərrəmli “Televiziya və radionun dili”, AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi Ağaverdi Xəlilov “Mediada leksik-semantik normalar” mövzusunda məruzə etmişlər. Sonra müzakirələr olmuşdur.
Konfransın materiallarının toplu halında nəşr edilməsi qərara alınmışdır.