KİYEV-PEÇERA LAVRASI TARİXİ-MEMARLIQ QORUĞU VƏ MUZEYİ İLƏ TANIŞLIQ
Tarixi-memarlıq kompleksləri ilə zəngin olan Kiyev şəhərindəki abidələr min il bundan əvvəlin izlərini özündə yaşadır. Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bu abidələr barədə ətraflı məlumatlar verildi.
XI əsr mədəniyyətinin ən qiymətli nümunəsi hesab olunan Kiyev- Peçera lavrası Ukrayna xalqının qədim yaşayışını və həyat tərzini, düşüncə və fəlsəfəsini əks etdirən bir kompleksdir.
IX-XI əsrlər qədim Kiyev Rus dövlətinin paytaxtı olan Kiyev şəhərindəki tarixi memarlıq nümunələri sonralar təşəkkül tapan bütöv slavyan xalqlarının mədəniyyətinə bir istiqamət verib, bu xalqların mənəviyyatına və dünyagörüşünə güclü təsir göstərmişdir. Tikintisinə XI əsrdə başlanmış Kiyev-Peçera lavrası memarlıq ansamblı XVII-XVIII əsrlərdə tam formalaşaraq, indiki görkəmini almışdır. Hazırda onun ərazisində çoxsaylı kilsələr, habelə bir neçə muzey vardır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Kiyev-Peçera lavrasını heyranlıqla seyr etdilər. Ukraynanın ərazisi mühüm coğrafi əhəmiyyət daşıdığı üçün tarixi dəyişikliklər dövründə bir sıra çətinliklərlə də üzləşmişdir. Müharibələr və qanlı toqquşmalar nəticəsində Kiyev şəhərindəki bu zəngin tarixi abidələr də az ziyan çəkməyibdir. Lakin tarix öz sərt imtahanları ilə bu mədəniyyətin böyüklüyünü və ölməzliyini təsdiq etmişdir.
Böyük Ukrayna xalqının yaratdığı bu ölməz nümunələr bu gün də qorunub saxlanılır və bura gələn qonaqlarda Ukrayna xalqının keçmişi barədə dolğun təsəvvür yaradır. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva buradakı müqəddəs məbədləri gəzdilər, qədim elm və mədəniyyət ocaqları ilə tanış oldular.