KİYEVDƏ BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKU YARIŞLARI BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 23-də dünya kuboku statusunda artıq ikinci dəfədir təşkil olunan “Deryugina kuboku-Neft-qaz” mükafatı uğrunda bədii gimnastika üzrə XVI beynəlxalq turnirin final oyunları keçirilmişdir.
Xatırladaq ki, dünyanın 42 ölkəsindən ən güclü gimnastlar bu mötəbər turnirdə iştirak etmək üçün Kiyevə gəlmişdilər. Bütün kollektivlər, güclü heyətlə çıxış edirdilər.
Martın 23-də qrup hərəkətləri nümayiş etdirilmişdir. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət komandamız 5 iplə hərəkətlərdə 14,5 bal toplayaraq 6-cı yeri tutmuşdur. Birinci yerə rusiyalılar, ikinci yerə Ukrayna komandası, üçüncü yerə isə Bolqarıstan gimnastları çıxmışlar. Üç halqa və iki gürzlə hərəkətlərdə Azərbaycan komandası 15,6 xalla 5-ci olmuşdur. Qızıl medal Rusiya gimnastlarına, gümüş italiyalılara, bürünc turnirin sahiblərinə qismət olmuşdur.
2007-ci il Avropa çempionatının iplə hərəkətlərdə qalibi, ötən ilin Avropa və dünya çempionatlarının komanda yarışlarının bürünc mükafatçısı Aliyə Qarayeva Kiyev turnirində 17,4 xal toplayaraq Qazaxıstan idmançısı Aliyə Yusupova ilə 6-7-ci yerləri bölüşdürmüşdür. Bu yarışmada ukraynalı Anna Bessonova qalib gəlmiş, ikinci və üçüncü yerləri müvafiq olaraq rusiyalılar Olqa Kapranova və Yevgeniya Kanayeva tutmuşlar. Halqa ilə hərəkətlərdən sonra da qaliblər dəyişməmişlər. Aliyə 17,525 xalla 6-cı olmuşdur. Aliyə Qarayeva da gürzlə hərəkətlərin yekununa görə (17,650 xal) 6-cı yerə layiq görülmüşdür. Bu növdə Anna Bessonova qalib gəlmiş, Y.Kanayeva ikinci, belaruslu İ.Jukova üçüncü olmuşlar.
Nəhayət, lentlə hərəkətlrdə Azərbaycan gimnastı 7-ci nəticə göstərmiş (16,6 xal), A.Bessonova birinci, rusiyalılar Vera Sessina və O.Kapranova müvafiq olaraq ikinci və üçüncü olmuşlar.
Kiyev turniri bir daha nümayiş etdirdi ki, bədii gimnastika idmanın gözəl və zərif növlərindən biri, eyni zamanda, kifayət qədər subyektiv növüdür. Burada bəzən çox şey hakimlərin mövqeyindən asılı olur.
Martın 27-31-də qrup komandamız, habelə Dinara Gimatova və gənclər komandasının üzvü Samirə Mustafayeva Fransanın Tiye şəhərində keçiriləcək turnirdə iştirak edəcəklər.