QAN YADDAŞI
KİYEVDƏ, S.VURĞUN ADINA KİTABXANADA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILMIŞDIR
Kiyev, 20 yanvar (AZƏRTAC). Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə Kiyevdə, S.Vurğun adına kitabxanada 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilmişdir.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev tədbirdə xalqımızın müasir tarixinin ən qanlı səhifələrindən birini təhlil etmiş, əlini Azərbaycanın azadlığı və suverenliyinin müdafisinə qalxaraq, silahsız halda zirehli texnikanın və cəlladların qarşısını kəsmiş qəhrəman Vətən övladlarının qanına bulamış sovet və Azərbaycanın o vaxtkı rəhbərlərinin adlarını bir daha xatırlatmışdır. O, 20 yanvar faciəsinin baş verməsində Kremli, yerli hakimiyyəti, erməni millətçilərini günahlandırmış və faciədə əli olan hər bir kəsin cəzalandırmalı olduğunu bəyan etmiş ulu öndər Heydər Əliyevin böyüklüyünü və ədalət hissini xüsusi vurğulamışdır.
20 Yanvar faciəsinin canlı şəahidi, 78 yaşlı Ukranyna vətəndaşı, Ədalət Uğrunda Mübarizə İttifaqının Zaporojye bölməsinin sədri Anatoli Sidorenko tədbir iştirakçılarına sovet ordusu forması geyinmiş başkəsənlərin dörd azərbayvcanlını və bir qazağı onun gözləri qarşısında necə qətlə yetirdiklərindən söz açmışdır.
` Kiyev vilayət xəstəxanasının həkimi Araz Cəlilov da həmin gecə ilə bağlı xatirələrini bölüşmüşdür.
Sonra qanlı faciədən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Gecədə UAK-nin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin, Dünya Azərbaycanlıları Konqresinin, Ukrayna ictimaiyyətinin, diasporumuzun nümayəndələri iştirak və çıxış etmişlər.
Yanvarın 22-də Kiyevdəki Müəllimlər evində Qanlı Yanvar faciəsinmin 20-ci ildönümü ilə əlaqədar xatirə gecəsi keçiriləcək və Azərbaycan Prezidenti Administrasiyasının başçısı, akademik Ramiz Mehdiyevin Ukrayna dilində nəşr olunmuş “Azərbaycanlıların soyqırımının reallıqları” kitabının təqdimatı olacaqdır.
Tədbirin təşkilatçısı Azərbaycanın Ukraynadakı səfirliyidir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev