İQTİSADİYYAT
KOBİA sədri: İndiyədək üç müsabiqə çərçivəsində 40-a yaxın layihə maliyyələşdirilib
Bakı, 3 may, AZƏRTAC
İndiyədək keçirilmiş üç müsabiqə çərçivəsində 40-a yaxın layihə maliyyələşdirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, bu barədə qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil" mövzusunda I BANM biznes forumunda deyib.
Orxan Məmmədov tədbirdə elmi yeniliklərin biznesə inteqrasiyası, Agentliyin dəstək və xidmətləri barədə məlumat verib. Qeyd olunub ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bizneslərin mütləq əksəriyyəti KOB subyektləridir. Sahibkarların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması üçün elmi yeniliklərin biznesə inteqrasiyası əhəmiyyətlidir. Bu məqsədlə 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu tədbir yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən texnoloji yeniliklərin praktik tətbiqi baxımından əhəmiyyətlidir. İndiyədək keçirilmiş 3 müsabiqə çərçivəsində 40-a yaxın layihə maliyyələşdirilib. İnnovativ biznes və startap ekosisteminin inkişaf etdirilməsi üçün mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. KOBİA universitetlərin elmi potensialından istifadə edilməsi, tələbələr arasında müasir və innovativ düşüncəli sahibkarların formalaşdırılması məqsədilə ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir, birgə təşəbbüslər həyata keçirir.