İQTİSADİYYAT
KOBİA sədri: KOB-ların inkişafının dəstəklənməsi təkcə hökumətlər ilə məhdudlaşmamalıdır
Bakı, 16 noyabr, AZƏRTAC
KOB-lar böhranlar zamanı ilk zərbə almasına baxmayaraq onlar yeni şəraitə tez adaptasiya olur, çağırışlara cəld reaksiya verir və yeni ideyalar generasiya etməklə bütövlükdə iqtisadiyyatları öz çiyinlərində irəli aparmaqda davam edirlər. Lakin bunun üçün onlara hədəfli diqqət və dəstək göstərilməsi tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin Sədri Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.
Onun sözlərinə görə, KOB-ların inkişafının dəstəklənməsi təkcə hökumətlər ilə məhdudlaşmamalı, bütün maraqlı tərəflər, geniş ictimaiyyət, akademik dairələr və beynəlxalq platformalar öz səylərini bu istiqamətdə birləşdirməlidir. Biz tərəfdaş ölkələrin müvafiq qurumları və təşkilatları ilə də uğurla əməkdaşlıq edirik. Burada əsas iki hədəfimiz var: institusional əməkdaşlığın genişləndirilməsi və yerli sahibkarlıq subyektlərimiz ilə xarici potensial tərəfdaşlar arasında birbaşa əlaqələrin qurulmasına dəstək vermək. Qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanunu KOB sektorunun inkişafına və dövlətin dəstək tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə xidmət edəcək. Sevindirici haldır ki, biznes mühitinin dəstəklənməsi istiqamətində təşəbbüslərimiz ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlər tərəfindən müsbət qarşılanır. İCSB platformasının çox-funksional xarakteri, üzv şəbəkəsinin genişliyi və təqdim olunan xidmətlər çeşidi hər bir qurum və təşkilatın faydalanması üçün imkanlar yaradır. Şübhəsiz ki, platformanın təqdim etdiyi ən əhəmiyyətli imkanlardan biri şəbəkələşmə, təcrübə mübadiləsinin aparılması və həmkarların yeniliklər barədə bir-birindən öyrənmək fürsətidir. Bu baxımdan, əminəm ki, hazırkı Ümumdünya KOB Forumu da strateji fəaliyyət gündəliyimizin zənginləşdirilməsi və genişləndirilməsi üçün uğurlu göstəricilər ilə yadda qalacaq”, - deyə Orxan Məmmədov əlavə edib.