KOBİA Vaşinqtonda keçirilən Kiçik Biznes üzrə Beynəlxalq Şuranın Dünya Konqresinə qatılıb
Bakı, 8 iyul, AZƏRTAC
Vaşinqtonda Kiçik Biznes üzrə Beynəlxalq Şuranın - ICSB Dünya Konqresi keçirilib. Tədbirdə müxtəlif ölkələrdən dövlət və özəl qurumların nümayəndələri, mikro və kiçik sahibkarlıq subyektləri, ekspertlər iştirak ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, toplantıda qurumun rəhbərliyi də iştirak edib. Konqres çərçivəsində keçirilən “Sahibkarlıq inqilabı - gələcək” mövzusunda paneldə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznesin inkişafına, sahibkarlıq sahəsində yeni trendlərə, agentliyin fəaliyyətinə, KOB-lara göstərilən dəstək və xidmətlərə dair məlumat verib.
Qeyd edək ki, KOBİA 2021-ci ildən Kiçik Biznes üzrə Beynəlxalq Şuranın üzvüdür. Beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyən, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edən ICSB sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirir.