Kolumbiya kütləvi informasiya vasitələri Xocalı soyqırımından yazır
Bakı, 18 fevral, AZƏRTAC
Kolumbiyanın “El Nuevo Siglo” və “El Espectador” qəzetlərində, habelə “Noticiascolombianas” və “reporte24.co” xəbər portallarında Xocalı soyqırımına həsr olunan məqalələr yayılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, ölkəmizin ərazisinin bir hissəsinin zəbt olunmasından bəhs edilir. Xocalının Ermənistan silahlı birləşmələri tərəfindən yerlə-yeksan edilərək əhalisinin xüsusi qəddarlıqla kütləvi şəkildə qətlə yetirildiyi, 1992-ci il fevralın 26-da bu şəhərdə soyqırımı aktı həyata keçirildiyi diqqətə çatdırılır. Xocalı qətliamının insanlıq tarixinin ən qara səhifələrindən biri olduğu vurğulanır.
Məqalələrdə, həmçinin Azərbaycanın siyasi-iqtisadi inkişafı, regionun ən mühüm dövlətlərindən birinə çevrilməsi, Ermənistanın isə öz işğalçı siyasəti ilə özünü təcrid vəziyyətinə salması, bu ölkənin səfalət içində olması haqqında məlumat verilir.