KOMİSSİYANIN İŞİNƏ YEKUN VURULMUŞDUR
Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinin öyrənilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə bu ilin mayında yaradılan komissiya fəaliyyətinə yekun vurmuşdur. Komissiyaya nazirliyin əməkdaşları ilə yanaşı, müvafiq strukturların nümayəndələri, alimlər də daxil idi.
İyulun 23-də keçirilən iclasda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov göllərin ekoloji vəziyyətini, çirklənmə səviyyəsini, mikroiqlimə təsirinin xüsusiyyətlərini, bitişik ərazilərdə təsərrüfat fəaliyyəti perspektivlərini öyrənmək üçün komissiya üzvlərinin apardıqları tədqiqatların faktlarını açıqlamışdır. İlk mərhələdə müəyyən edilmişdir ki, 20-dən artıq göldə ekoloji vəziyyət gərgindir. Komissiya üzvləri bu göllərin əmələgəlmə mənbələrini, göl suları ilə yeraltı sular arasındakı əlaqələri üzə çıxarmış, bu göllərin qidalandığı su mənbələri yollarının xəritələrini tərtib etmişlər. Ümumiyyətlə, Abşeronda 200-dən çox göl var və onların təbii sərvətlərindən, əsasən də duz ehtiyatlarından əhalinin aztəminatlı təbəqələri bəhrələnirlər. Lakin tədqiqatlar göstərmişdir ki, son 50-60 ildə bu göllərin sahəsi iki dəfə genişlənmiş, onların fenolla, ağır metallarla, səthi aktiv maddələrlə, neft məhsulları ilə çirklənmə səviyyəsi isə on dəfələrlə artmışdır.
Neft və qaz çıxarılan ərazilərdə əmələ gəlmiş kiçik süni göllərin xəritəsi ilk dəfə tərtib edilmiş, onların sahəsi və dərinliyi müəyyənləşdirilmişdir.
Komissiya üzvlərinin yekdil fikrincə, əhalinin sağlamlığına təhlükə törədən bütün göllər qurudulmalı, onların ərazilərində isə Abşeronun landşaftına xas bitki örtüyü bərpa olunmalıdır.
Komissiya Abşeron göllərinə dair ekoloji layihələrin həyata keçirilməsi üçün smeta-layihə sənədlərinin hazırlanıb, Azərbaycan hökumətinə və beynəlxalq maliyyə strukturlarına təqdim olunması barədə qərar qəbul etmişdir.