Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib
Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü ilə “Ağıllı ölkə” (“Smart nation”) konsepsiyası çərçivəsində kommunal xidmət sahələrində perspektiv planlar” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azəriqaz” İB-nin, “Azərsu” ASC-nin, “Azərişıq” ASC-nin və “İnnovasiyalar Mərkəzi” MMC-nin beynəlxalq tərəfdaşı olan “EKM” Global Consulting GMbH” şirkətinin nümayəndələri iştirak ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda pandemiya dövründə daha aktual olan kommunal ödənişlərin onlayn təşkili, həmçinin “Ağıllı kart oxuyucu” (“Smart card reader”) cihazlarından istifadənin təşviqi, 3D mobil xəritələrin tətbiqi və yeraltı kommunikasiya xəritəsinin yaradılması mövzularında müzakirələr aparılıb.
Əsas məqsəd Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq ediImiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq kommunal xidmətlər sahəsində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin formalaşdırılmasıdır.