KOOPERASİYA UNİVERSİTETİNİN 40 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, türk dünyasının böyük oğlu Heydər Əliyevin məzarı önünə əklil qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra Şəhidlər xiyabanına gələrək, respublikamızın müstəqilliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş mərd mübarizlərin məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” kompleksi önünə əklil qoymuşlar.
Tədbirdə MDB kooperasiya universitetlərinin Rektorlar Şurasının Bakıda keçiriləcək 7-ci iclasında iştirak etmək üçün ölkəmizə gələn nümayəndələr də iştirak etmişlər.
Rektor professor Eldar Zülfüqarlı çıxış edərək universitet haqqında tədbir iştirakçılarına qısa məlumat vermişdir.
“Azərittifaq”ın idarə heyətinin sədri Eldar Quliyev Azərbaycanda kooperasiya hərəkatının tarixi və gələcəyi barədə, eləcə də uğurlarından söhbət açmışdır. O demişdir ki, hazırda universitetdə 5 fakültədə 17 ixtisas üzrə mütəxəssis hazırlanır. Natiq xatırlatmışdır ki, bu ali təhsil ocağı 1964-cü ildən Moskva Kooperasiya İnstitutunun filialı kimi fəaliyyətə başlamış, 2000-ci ildən isə universitet statusu almışdır.
MDB kooperasiya Rektorlar Şurasının sədri, Moskva İstehlak Kooperasiyası Universitetinin rektoru Mariya Seroştan, Moldova Kooperativ-Ticarət Universitetinin rektoru, professor Fyodor Maleka, Bakı Dövlət Universitetinin prorektoru, professor Yusif Məmmədov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə və başqaları çıxış edərək universitet kollektivini yubileyi münasibətilə təbrik etmiş, onlara yeni uğurlar arzulamışlar.
Sonra universitetin bir qrup əməkdaşı “Azərittifaq”ın Fəxri fərmanları ilə təltif olunmuşdur.