“Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalibləri müəyyənləşib
Bakı, 12 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalibləri müəyyənləşib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 417 hekayə təqdim olunub və 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib.
Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.
“Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq Natiq Məmmədlinin “Taclı mələklər” hekayəsi birinci yerə, Sevinc Elsevərin “A quşlarım, getməyin...” hekayəsi ikinci yerə, Cavi Danın “Ev” hekayəsi isə üçüncü yerə layiq görülüb.
Reyhan Yusifqızının “Həkimin gündəliyi” və Əkbər Qoşalının “İradə, mən ölürəm...” hekayələri xüsusi mükafat üzrə qalib olub.
Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə isə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.
Qısa müddət ərzində qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.