KOSMOSA UÇMUŞ İLK İNSANIN - YURİ QAQARİNİN 70 İLLİYİ BAKIDA DA QEYD OLUNMUŞDUR
Gecənin əvvəlində kosmosa uçmuş ilk insanın həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərildi.
Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov əfsanəvi kosmonavtın xatirəsinə diqqətə görə Azərbaycan ictimaiyyətinin nümayəndələrinə minnətdarlığını bildirərək dedi ki, 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmosa uçması ilə bəşəriyyət tarixində yeni səhifə, – kosmosun fəthi tarixi, - açıldı. Milyonlarla insanın arzusunu həyata keçirmiş Qaqarin, həqiqətən, çox gözəl insan idi. Rusiya diplomatı Azərbaycanın kosmosla, şəksiz, bağlı olduğunu vurğulayaraq, keçmiş SSRİ-nin pilotlu uçuşlar üzrə Dövlət komissiyasının sədri Kərim Kərimovun və onlarca digər Azərbaycan aliminin xidmətlərini xatırlatdı. Rusiya səfiri axırda dedi: “Kosmonavtikanın inkişafına Azərbaycanın, həqiqətən, böyük töhfəsi olmuşdur və biz bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə ümid bəsləyirik”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Mehdiyev xatırlatdı ki, Beynəlxalq Astronomiya Assosiasiyasının konqresi keçmiş SSRİ ərazisində ilk dəfə məhz Bakıda keçirilmişdir. Konqresdən sonra respublikanın rəhbəri Heydər Əliyevin təkidi ilə “Xəzər” elmi mərkəzi açılmışdır. Mərkəzi açmaqdan əsas məqsəd Yeri kosmosdan tədqiq etmək idi. A.Mehdiyevin sözlərinə görə, bu mərkəz indi Azərbaycan Milli Aerokosmik Agentliyi kimi fəaliyyət göstərir.
Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko vurğuladı ki, 1961-ci ilin 12 aprel günü Yer kürəsinin bütün insanlarının qəlbində kosmosun fəthinin başlanğıcı kimi qaldı. Bu, keçmiş Sovet İttifaqının minlərlə aliminin misilsiz əməyinin nəticəsi idi. Ukrayna diplomatı dedi: “Yaddan çıxarmaq olmaz ki, kosmik gəmilər üçün maye yanacaq hazırlanmasında Azərbaycan neftindən istifadə olunmuşdur, respublikanın müəssisələrində isə fövqəldəqiq cihazlar hazırlanırdı. Kosmosun tədqiqi bəşəriyyətin inkişafına əməli töhfəsini verdi və Azərbaycan da kosmosun fəthinə verdiyi töhfəyə görə fəxr edə bilər”. B.Aleksenko əfsanəvi şəxsiyyəti bir daha xatırlamağa imkan yaratdıqlarına görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Mərasimdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və “Roszarubejsentr” təşkilatının nümayəndələri də iştirak edirdilər.
Gecənin sonunda konsert oldu.