SİYASƏT
Kristian İvanutsa: Rumıniya Azərbaycanla əməkdaşlığın inkişafına önəm verir
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də ölkəmizdə səfərdə olan Rumıniya parlamentinin Azərbaycanla parlament dostluq qrupunun üzvləri Milli Məclisdə olub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dostluq qrupunun üzvləri Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Müşfiq Cəfərov və Elman Məmmədov ilə görüşüblər.
Azay Quliyev Milli Məclisin Rumıniya parlamenti ilə münasibətlərin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd olunub ki, qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qrupları arasında əlaqələr təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir. Deputatlarımız beynəlxalq parlament təşkilatları çərçivəsində də səmərəli əməkdaşlıq edirlər.
Bildirilib ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi ümumi məqsədlərə xidmət edir.
Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfərindən bəhs edən A.Quliyev qeyd edib ki, üçtərəfli Bəyanatın imzalanması ilə münaqişəyə artıq son qoyulub. O, hazırda Ermənistan işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.
Rumıniya parlamentinin deputatı, Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian İvanutsa səmimi görüşə görə təşəkkürünü bildirərək, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Qonaq ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı faydalı əməkdaşlığının əhəmiyyətindən danışıb.
Kristian İvanutsa Azərbaycanı daha yaxından tanımaq üçün ölkəmizin Rumıniyadakı səfirliyi ilə sıx əlaqədə olduğunu söyləyib. O, səfirliyin Xocalı soyqırımına həsr etdiyi tədbirdə iştirakını və bu faciədən hədsiz kədərləndiyini diqqətə çatdırıb. O, Rumıniya parlamentini Xocalı faciəsi barədə məlumatlandırdığını da qeyd edib.
Rumıniyalı deputat hazırda əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. Qeyd edilib ki, ikitərəfli münasibətlərin səmərəliliyinin artırılmasında parlamentlər səviyyəsində əlaqələrin gücləndirilməsi çox əhəmiyyətlidir.
Qonaq iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar olduğunu bildirib. Xalqlarımız arasında möhkəm dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb.
Söhbət zamanı Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Xocalı faciəsinin geniş ictimaiyyətə tanıdılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, dünya dövlətləri bu məsələdə ədalətli mövqe nümayiş etdirməlidirlər.
Parlamentin komitə sədri Qənirə Paşayeva çıxışında ölkələrimiz arasında mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından danışıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.