Kürdəmir sakinindən külli miqdarda narkotik maddə götürülüb
Kürdəmir, 11 may, AZƏRTAC
Kürdəmir sakinindən külli miqdarda narkotik maddə götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini Səlimov Alış Niyaz oğlu şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Üzərində axtarış aparılarkən ayaqqabısının alt hissəsində yerləşdirdiyi bir büküm narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Polislər istintaq tədbilərinin davamı olaraq A.Səlimovun yaşadığı ünvanda axtarış aparıblar. Axtarış zamanı onun otağında ayrı-ayrı bükümlərdə 96 qram narkotik vasitə olan heroin, 5 qram psixotrop tərkibli maddə olan metafetamin, 1,5 qram tiryək və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxs Alış Səlimov narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) cinayət işi başlanıb, istintaq davam etdirilir.