KÜRDƏMİR ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV PARKININ VƏ ÜMUMMİLLİ LİDERİN ABİDƏSİNİN AÇILIŞI
Prezident İlham Əliyevə məlumat verildi ki, parkın ümumi sahəsi 6,5 hektardır. Zövqlə düzəldilmiş pilləvarı fəvvarələr parka xüsusi yaraşıq verir, ulu öndərin abidəsi və Heydər Əliyev muzeyinin binası ilə birlikdə gözəl ansambl yaradır. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait var.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsinin üzərindən ağ örtüyü götürdü.
Qranitdən yonulmuş əzəmətli abidənin hündürlüyü 3,3 metr, potstamentlə birlikdə isə 5,5 metrdir. Abidənin müəllifi respublikanın xalq rəssamı, akademik Ömər Eldarovdur.
Prezident İlham Əliyev və Mehriban xanım abidənin önünə gül dəstələri qoydular. Dövlətimizin başçısı kürdəmirlilərin sevimli istirahət guşəsinə çevriləcək Heydər Əliyev parkında görülmüş abadlıq işlərini yüksək qiymətləndirdi.