REGİONLAR
Kürdəmir: sərtləşdirilmiş karantin rejimini pozan 70-dən çox sakin cərimələnib
Kürdəmir, 16 iyun, AZƏRTAC
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə respublikamızın bir sıra şəhər və rayonlarında, o cümlədən Kürdəmirdə iyunun 14-dən saat 00:00-dan başlanan və iki gün davam edən sərtləşdirilmiş karantin rejimi başa çatıb.
AƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daxili Qoşunların və bir neçə rayonun, o cümlədən Göyçay, Zərdab, Ağsu və Hacıqabul rayon polis şöbələrinin Kürdəmirə ezam olunan əməkdaşlarının nəzarəti altında sərtləşdirilmiş karantin rejiminin tələblərinə riayət olunmasına tam nəzarət edilib. Rayonun küçə və prospektlərində, eləcə də kəndlərdə, ümumilikdə, 105 müvəqqəti karantin postları yaradılıb və polis gücləndirilmiş iş rejimində xidmətini davam etdirib. Vətəndaşların sağlamlığının qorunması məqsədilə tətbiq olunan sərtləşdirilmiş karantin rejimini kobud şəkildə pozan 70-dən çox rayon sakini İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati cərimə olunub. Şilyan kənd sakini Məmmədov Əsəd icazəsiz olaraq mağaza işlətdiyinə görə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Sərtləşdirilmiş karantin rejimi dövründə rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə müraciətlərin sayında da artım müşahidə olunub. İki gün ərzində şöbəyə 100-dən çox müraciət daxil olub. Müraciət edənlərin əksəriyyəti qızdırma, şəkərli diabet, ürək çatışmazlığından əziyyət çəkən xəstələrdir. Bununla bağlı xəstəxanada 6 briqada yaradılıb və bir neçə kənd tibb məntəqəsi gücləndirilmiş iş rejimində çalışıb.