“KÜRDƏMİR-TAXIL” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİNİN İSTEHSAL MÜƏSSİSƏSİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev təməlqoyma mərasimindən sonra “Kürdəmir-Taxıl” ASC-nin istehsal müəssisəsinə gəldi. Dövlətimizin başçısını burada kollektivin üzvləri səmimiyyətlə qarşıladılar.
Prezidentə məlumat verildi ki, “Kürdəmir-Taxıl” taxıl məhsulları kombinatının bazasında yaradılmışdır.
Müəssisə 2004-cü ilin yanvar ayında “AVETA” Məhdud Məsuliyyətli Cəmiyyətə icarəyə verilmiş, 2004-cü ilin mart ayında məhsul istehsalına başlamışdır.
“AVETA” MMC müəssisədə ilk vaxtlar 111 nəfəri işlə təmin etmişdir. Gün ərzində emal gücü 250 ton idi. Sonradan müəssisə əsaslı surətdə yenidən qurulmuşdur. İkinci sexin istifadəyə verilməsi ilə 148 nəfərin daimi işlə təmin olunmasına şərait yaradılmış və gündəlik emal gücü 530 tona çatdırılmışdır. Müəssisədə un, yarma və mal-qara yemi istehsal olunur. İşçilərin orta əmək haqqı 800 min manatdır.
Prezident İlham Əliyev müəssisənin sexlərini gəzdi, istehsal prosesi, istehsal olunan məhsulların keyfiyyəti, qiyməti və çeşidi ilə maraqlandı. Bildirildi ki, məhsul rəqabət qabilliyətlidir. Dövlətimizin başçısı görülən işləri bəyəndiyini, bu cür müəssisələrin açılmasının əhəmiyyətli olduğunu və belə istehsal sahələrinin genişləndirilməsini daim dəstəkləyəcəyini söylədi, kollektivi təbrik etdi.