Kürdəmirdə sanitar-gigiyenik tələblərin pozulduğu bazarın sahibi barədə protokol tərtib olunub
Kürdəmir, 21 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşları Kürdəmirdə Vidadi Hüseynova məxsus bazarda sanitar-gigiyenik tələblərə riayət olunması vəziyyəti ilə əlaqədar reyd keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozuntusu halları aşkarlanıb. Belə ki, bir sıra qida məhsullarının satışı birbaşa döşəmə üzərinə yığılmaqla həyata keçirilir, habelə ət və ət məhsullarının, süd və süd məhsullarının baytar-sanitar ekspertizadan keçirilmədən satıldığı müəyyən edilib. Eyni zamanda, bu məhsulların hansı təsərrüfatdan gətirilməsi, həmin təsərrüfat haqqında arayışların yoxlamaya təqdim edilməməsi faktları da müəyyənləşdirilib.
Reyd zamanı bazarda fəaliyyət göstərən beş ət satışı məntəqəsində sanitar norma və qaydalarının, gigiyenik tələblərin kobud şəkildə pozuntusu aşkar olunub. Həmin satış məntəqələri daimi isti və soyuq su, eləcə də kanalizasiya xətləri ilə təmin edilməyib.
Bundan başqa reyd zamanı bazarda çalışan işçilərin tibbi müayinəyə cəlb olunmaması halları da aşkarlanıb.
Bütün bunlara görə bazarın sahibi Vidadi Adil oğlu Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tətbiq edilib.