Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub
Kürdəmir, 15 iyun, AZƏRTAC
Kürdəmirdə Vətən müharibəsi şəhidi Ramil Taqət oğlu Babayevin xatirəsinə tikilən bulağın açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xatirə bulağı şəhidin bir vaxtlar təhsil aldığı şəhər 1 saylı tam orta məktəbin həyətində tikilib.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər kəşfiyyatçı zabit Ramil Babayevin şərəfli həyat yolundan danışıblar. Qeyd edilib ki, R.Babayev 1991-ci ildə Şilyan kəndində anadan olub. Vətən müharibəsində Goranboy-Kəlbəcər istiqamətində döyüş tapşırığını yerinə yetirən Ramil Babayev itkin düşüb. Dörd ay sonra nəşi tapılaraq Kürdəmirə gətirilib və yanvarın 31-də rayondakı Şəhidlər xiyabanında dəfn olunub.
Ramil 2 uşaq atasıdır. Yanvarın 21-də doğulan, üzünü görmədiyi oğluna Ramilin adı qoyulub. Çıxışlarda Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən danışılıb, Ramil və onun kimi şəhidlik zirvəsinə ucalan Vətən oğullarının qanının yerdə qalmadığı bildirilib. Şəhidin atası Taqət Babayev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.