KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ VƏ SİYASƏT MÖVZUSUNA HƏSR OLUNMUŞ BEYNƏLXALQ SEMİNAR
AZƏRTAC xəbər verir ki, Almaniyanın Konrad Adenauer adına Fondunun və “Xəzər - Gələcək naminə tərəfdaşlıq beynəlxalq hərəkatı” ictimai birliyinin təşkil etdikləri seminarın açılışında Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov demişdir ki, KİV və siyasət bir-biri ilə bilavasitə bağlıdır. Hər bir siyasətçi öz addımlarını ictimai rəyi nəzərə alaraq atır və ictimaiyyətə fikrini KİV vasitəsilə çatdırır. Cəmiyyətdə onun haqqında formalaşmış fikri də KİV-dən öyrənir. Onu hərtərəfli tanıtmaq, haqqında tam şəffaf fikir formalaşdırmaq KİV-də çalışanların peşəkarlığından da asılıdır.
O vurğulamışdır ki, ötən 10 ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə demokratik cəmiyyət quruculuğunda böyük uğurlar qazanılmış, siyasi plüralizm, mətbuat azadlığı cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycanda 350-dən artıq müxtəlif yönlü yazılı və elektron KİV-lərin fəaliyyət göstərməsi buna əyani sübutdur.
Fondun Mərkəzi Asiya, Qazaxıstan və Qafqaz üzrə nümayəndəliyi rəhbərinin müavini xanım Katrin Drüssner, Qafqaz üzrə xüsusi müvəkkili David Afrasidze və başqaları jurnalistlərin və siyasətçilərin münasibətləri, onların əməkdaşlıq yolları və vasitələri barədə müxtəlif ölkələrin təcrübəsindən geniş bəhs etmişlər.
Seminarda Almaniyanın “2DF TV kanal”ının direktoru xanım Bet Şnayderin “KİV-in idarə olunması: hüquqi, iqtisadi və təşkilati əsasları”, “NDR TV kanal”ının sabiq əməkdaşı, hüquqşünas Piter Şivinin “Yaxşı idarəetmə şəffaflıq tələb edir: KİV demokratiyanın dördüncü hakimiyyəti kimi”, professor Cahangir Məmmədlinin “Söz azadlığının KİV vasitəsilə həyata keçirilməsində dövlətin rolu”, ASSA-İRADƏ informasiya agentliyinin direktoru Fazil Abbasovun “Azərbaycan Mətbuat Şurasının fəaliyyəti və Avropa Birliyi standartları”, BDU-nun beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri Rüstəm Məmmədovun “KİV ictimaiyyətdə dördüncü hakimiyyət kimi” mövzularında məruzələri dinlənilmişdir.