KÜVEYT PARLAMENTİ YENİ ƏMİRƏ VƏZİFƏSİNƏ VAXTINDAN ƏVVƏL BAŞLAMAĞA İCAZƏ VERMƏDİ
Əvvəlcə nəzərdə tutulduğuna görə, Küveytin yeni əmirinin andiçmə mərasimi yanvarın 24-nə təyin olunmuşdu.
Bundan əlavə, bazar ertəsi Cassim əl-Karafi təsdiqləmişdi ki, ölkə hökuməti parlamentə şeyx Saad əl-Abdullanın səhhəti ilə əlaqədar onun hakimiyyətdən uzaqlaşdırılması barədə xahişlə müraciət etmişdir.
Parlamentin sədri demişdir ki, yanvarın 24-də ali qanunverici orqanda 76 yaşlı şeyx Saad əl-Abdullanın vəzifədən rəsmən uzaqlaşdırılmasına həsr olunan xüsusi konstitusiya proseduru keçiriləcəkdir. Şahidlərin sözlərinə görə, o, xəstələnərək elə heydən düşmüşdür ki, hətta andın qısa mətnini belə müstəqil oxumaq onun üçün çətin olmuşdur. Əgər bu prosedur uğurla keçsə, yanvarın 24-nə təyin edilən andiçmə mərasimi baş tutmayacaqdır.
Gözlənilirdi ki, yanvarın 15-də əvvəlki əmir Cabir əl-Əhməd əl-Sabahın vəfatından sonra hakimiyyətə avtomatik surətdə gələn vəliəhd Saad əl-Abdulla əl-Sabah taxt-tacdan könüllü surətdə imtina edəcəkdir. Lakin o, belə etmədi, əksinə, parlamentin deputatlarına onun andının qəbul olunması üçün təcili sessiyaya toplaşmaq xahişi ilə müraciət etmişdir.
Yanvarın 20-də Küveytin hakim kral ailəsi elan etmişdir ki, Saad əl-Abdullanın istefasından sonra yeni əmir ölkənin Baş naziri şeyx Sabah əl-Əhməd əl-Sabah olacaqdır. Qeyd etmək lazımdır ki, ənənəyə görə, Küveytdə hakimiyyət Sabahlar ailəsinin iki müxtəlif qolunun əlində cəmləşmişdir. Son bir neçə ildə ölkəni əslində idarə edən Baş nazir Sabah əl-Əhməd mərhum əmir Cabir əl-Əhmədlə kral ailəsinin eyni qoluna mənsubdur.
Küveyt qanunlarına görə, əmir səhhətinin vəziyyəti ilə əlaqədar ölkəni idarə etməyə qadir olmadıqda, Nazirlər Kabinetinin onu hakimiyyətdən uzaqlaşdırmaq xahişi ilə parlamentə müraciət etmək hüququ var. Bu qərarın qəbul olunması üçün parlamentin 65 deputatının üçdə iki hissəsi ona səs verməlidir. Parlamentin 65 deputatının 16-sı Nazirlər Kabinetinin üzvüdür.
Xatırladaq ki, Küveyt parlamenti indiyədək heç vaxt əmiri hakimiyyətdən uzaqlaşdırmamışdır.