“La Nacion” qəzeti: “Lövhə üzərində alov: Azərbaycanda şahmat olimpiadası”
Bakı, 5 iyun, AZƏRTAC
Argentinanın aparıcı nəşrlərindən olan “La Nacion” qəzetində jurnalist Karlos Llardonun “Lövhə üzərində alov: Azərbaycanda şahmat olimpiadası” adlı məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanovun müsahibəsi də yer alıb.
Yazıda sentyabrın 1-14-də Bakının dünyanın ən məşhur idman tədbirlərindən birinə - 42-ci Şahmat Olimpiadasına ev sahibliyi edəcəyi bildirilir. Vurğulanır ki, 170 ölkədən 3 mindən çox idmançının iştirak edəcəyi bu yarış təşkilatçıların da bildirdiyi kimi, tarixin ən yaxşı olimpiadası olacaq. Füsunkar “Baku Crystal Hall” tədbirin keçiriləcəyi məkan kimi seçilib və ekspertlərin yoxlama nəzarətindən uğurla keçib.
“Azərbaycanın bu səviyyədə tədbirlərin keçirilməsi sahəsində yaxşı təcrübəsi var. 2015-ci ildə Bakıda Dünya Şahmat Kuboku və birinci Avropa Oyunları keçirilib. İştirakçıların sayından asılı olmayaraq bu dəfə də tədbirin yüksək səviyyədə keçirilməsində heç bir problem olmayacaq”, - deyə Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov “La Nacion” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanda şahmatı inkişaf etdirmək üçün mühüm işlər görüb. Bu gün bizim təcrübəli müəllimlər tərəfindən yetişdirilmiş yaxşı şahmatçılarımız var və şahmatın pedaqoji keyfiyyətinə inandığımızdan hər ötən gün məktəblərdə keçirilən oyunların sayı artır.
Müvəqqəti işlər vəkili qeyd edib ki, Dünya Şahmat Olimpiadasının təhlükəsizliyi təşkilatçıların diqqətində olan əsas məsələlərdəndir.