Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar
Bakı, 13 avqust, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Laçın rayonunda davam etdirib.
AZƏRTAC xəbər verir ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində icra olunur.
Bu çərçivədə qeyd olunan rayonun Zabux və Sus kəndlərinə geri qayıtmış keçmiş məcburi köçkünlər üçün təşkil edilən tədbirdə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux kənd inzibati ərazi dairəsi (Zabux, Sus və Bəylik kəndlərini əhatə edir) üzrə nümayəndəsi, yerli sakinlər, müəllimlər və şagirdlər iştirak ediblər.
İştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə minatəmizləmə əməliyyatları və mina qurbanları, eləcə də ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları və digər zəruri məsələlərə dair ətraflı məlumat verilib. Həmçinin onlara layihə çərçivəsində hazırlanmış buklet verilib. Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə bu tədbirdə iştirak edə bilməyən yerli sakinlərə paylanılması üçün əlavə bukletlər verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi işğaldan azad olunmuş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.
Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Şuşa rayonunda həyata keçiriləcək.