RK altqrupunda 200 baldan yuxarı nəticə göstərən bütün abituriyentlərin qəbul şansı var
Bakı, 13 avqust, AZƏRTAC
Birinci ixtisas qrupunun RK altqrupu üzrə plan yerlərinin sayı müsabiqəyə buraxılan abituriyentlərin sayından çox olduğundan 200 baldan yuxarı nəticə göstərən bütün abituriyentlərin qəbul olmaq imkanı var.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayımda deyib.
DİM sədri bildirib ki, RK altqrupu üzrə 12 min 710 plan yeri ayrılıb. Bu altqrup üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7662 abituriyent müsabiqəyə buraxılıb. Onun sözlərinə görə, bu göstəricilər 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyentin qəbul olmaq şansının yüksək olduğunu göstərir.
Məleykə Abbaszadə qeyd edib ki, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 12 min 622 nəfər müsabiqədə iştirak hüququ qazanıb. Bu rəqəm də plan yerlərinin sayından az olduğundan, düzgün ixtisas seçimi edən 150 baldan yuxarı nəticə göstərən abituriyentlərin də qəbul olmaq imkanı var. Qəbul başa çatdıqdan sonra RK altqrupu üzrə subbakalavrlar üçün də müəyyən sayda plan yerinin qalacağı ehtimal edilir.
DİM rəhbəri bildirib ki, Rİ altqrupunda isə vəziyyət fərqlidir. Bu altqrup üzrə 7440 plan yerinə qarşı ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 8073 abituriyent müsabiqəyə buraxılıb. Buna görə də Rİ altqrupunda müsabiqə vəziyyəti daha gərgindir.