Mütəxəssis: Azərbaycan dilinin qorunması ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır
Bakı, 13 avqust, AZƏRTAC
Vikipediyanın Azərbaycan dili bölməsində yayımlanan məqalələrin dil keyfiyyəti gənclərin və digər yaş qruplarının düzgün yazı vərdişlərinin formalaşmasına müəyyən təsir göstərir. İstifadəçilərin məlumat əldə etmək üçün geniş müraciət etdiyi platformada Azərbaycan dilində düzgün və anlaşıqlı mətnlərin təqdim olunması xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi, vikipediya üzrə mütəxəssis Xəyalə Məmmədli söyləyib. O qeyd edib ki, vikipediyanın əsas xüsusiyyətlərindən biri məqalələrin istifadəçilər tərəfindən redaktə edilə bilməsidir. Müxtəlif sahələr üzrə bilik və təcrübəyə malik şəxslərin məqalələrə müdaxilə etməsi Azərbaycan dilində ensiklopedik məzmunun təkmilləşdirilməsinə şərait yaradır.
Xəyalə Məmmədlinin sözlərinə görə, platformada hazırlanmış məqalələrdə müəyyən orfoqrafik və texniki səhvlərin yaranması mümkündür. Lakin məqalələr sonradan müəlliflər, mütəxəssislər və digər istifadəçilər tərəfindən nəzərdən keçirilir, aşkar olunan nöqsanlar aradan qaldırılır. Bu proses Azərbaycan dilində yayımlanan məzmunun keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Azərbaycan dilinin qorunması və düzgün istifadəsi ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır. Yazıçılar, jurnalistlər, nəşriyyatlar, müəlliflər və digər informasiya resursları da dil normalarının qorunmasında mühüm rol oynayırlar.
“Biz nə dərəcədə düzgün yazsaq, oxuyan da bir o qədər ondan düzgün faydalanır” – deyən müsahibimiz rəqəmsal mühitdə Azərbaycan dilində məzmunun düzgün, aydın və keyfiyyətli olmasının mühüm rol oynadığını söyləyib. O əlavə edib ki, internetdə qarşılaşılan mətnlərin dil baxımından düzgün olması istifadəçilərin həm məlumatı daha asan mənimsəməsinə, həm də düzgün yazı və ifadə qaydalarını öyrənməsinə şərait yaradır. Azərbaycan dilində keyfiyyətli informasiya resurslarının artırılması dilin internet mühitində mövqeyinin möhkəmlənməsinə və gənc nəslin Azərbaycan dilində informasiya əldə etməsinə mühüm töhfə verir. Bu istiqamətdə Vikipediya ilə yanaşı, digər elektron informasiya resurslarının da Azərbaycan dilində məzmun istehsalını genişləndirməsi vacibdir. Belə resursların çoxalması Azərbaycan dilinin rəqəmsal məkanda daha geniş istifadə olunmasına və gələcək nəsillərə zəngin informasiya bazasının ötürülməsinə imkan yaradır.