REGİONLAR
Laçın və Zəngilanda İKT üzrə təqaüdlü təlimlər baş tutub
Bakı, 7 noyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və tərəfdaş tədris mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Laçın və Zəngilan bölgələrində “İT əsasları və rəqəmsal bacarıqlar” mövzusunda təlimlər təşkil edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, may ayından iyul ayınadək davam edən tədris proqramında ümumilikdə 41 tələbə iştirak edib. Müəllimlər bu müddət ərzində bölgələrə gedərək dərsləri həm nəzəri, həm də praktiki şəkildə tədris ediblər. İştirakçılar arasında həm işləyənlər, həm də məktəblilər yer alıb.
Təlimlər zamanı tələbələr kompüterlərin iş prinsipləri və hissələrinin funksiyaları ilə tanış olub, avadanlıqlar üzərində formatlama və söküb-yığma proseslərini özləri icra ediblər. Eyni zamanda, ofis proqramları üzrə praktiki bacarıqlar da aşılanıb.
Bu il noyabrın 2-də proqramın məzun günü qeyd olunub. Tədbirdə İRİA-nın sədri İnarə Vəliyeva, sədr müavini Şahin Əliyev, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevinc Cabbarova və tərəfdaş tədris mərkəzinin rəhbəri Azər Sanılı çıxış edərək məzunları təbrik edib. Çıxışlarda proqramın bu bölgələrdə texnologiya sahəsində inkişaf üçün güclü potensial yaratdığı və gələcəkdə daha böyük nailiyyətlərə təməl qoyacağı vurğulanıb.
Məzun günündə tələbələr üçün müəyyən mövzular əsasında vörkşoplar təşkil edilib və proqramın sonunda onlara sertifikatlar təqdim olunub. Təlim proqramı işğaldan azad olunmuş bölgələrdə cəmiyyətin texnologiyaya marağını artırmaq, gənclərin karyera perspektivlərini genişləndirmək və bölgənin texnoloji potensialını ortaya qoymaq məqsədini daşıyır.