Laçın-Xankəndi yolu: Daha 23 avtomobilin maneəsiz keçidi təmin edilib
Şuşa, 4 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 23 təminat-təchizat, tibbi və minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 50-yə çatıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.