Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması təhlükəsizlik baxımından önəmlidir – Ekspert
Bakı, 24 aprel, AZƏRTAC
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması orada keçirilən əməliyyatların yekun gözlənilən nəticəsi idi. Bunun davamında gömrük postlarının qurulması və buna müvafiq olaraq da gömrük prosedur qaydalarının tətbiqi qaçılmazdır. Dövlətin öz ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır. Ermənistan ötən müddət ərzində öz məkrli əməllərindən əl çəkmədi, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadı və nəticədə Dövlət Sərhəd Xidmətimiz (DSX) Laçın-Xankəndi yolunu nəzarətə götürdü.
Bunu hərbi ekspert Alparslan İmamqulu AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, əgər dövlətimiz bu gün şərti sərhədlərdə bunu edirsə, bu o deməkdir ki, delimitasiya və demarkasiya prosesinin başlamasından asılı olmayaraq Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyə məcburdur. Bu, çox önəmlidir. Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda DSX-nin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Çünki həmin bölgədə bir sıra ərazilər nəzarətsiz qalmışdı. Yoldan sui-istifadənin nəticəsidir ki, indi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan ordu yaradılıb. Ermənistan tərəfindən bu qüvvələrin imkanları davamlı olaraq artırılırdı. Mütəmadi olaraq ərazilərimiz gizli yollarla minalanırdı və terror aktları törədilirdi.
Alparslan İmamqulu bildirib ki, Azərbaycan tezliklə Laçın daxil olmaqla digər azad olunmuş ərazilərə də insanlarımızı köçürəcək. Ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr ola bilər. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edirdilər. Azərbaycanın talan olunan təbii sərvətləri də bu yolla daşınırdı. Vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün qəbuledilməzi idi. Həmin ərazilərdə Dövlət Sərhəd Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsinin birgə xidməti sahələrinin olması bizim ərazidə təhlükəsizliyimizi təmin etmək üçün əhəmiyyətlidir.
Daha əvvəllər bu istiqamətdə Ali Baş Komandanımız İlham Əliyev dəfələrlə qarşı tərəfə iradlarını bildirib. Azərbaycan necə, nə zaman, nəyi edəcəyindən asılı olaraq istənilən şəkildə addımlar atmağa hazır olduğunu qarşı tərəfə çatdırıb. Hazırda həmin zaman gəlib. Bölgədə böyüklü-kiçikli antiterror əməliyyatları keçirilir. Azad olunmuş ərazilərdə sərhəd-buraxılış məntəqələri qurulur. Bunun da davamında, gömrük postları və gömrük prosedur qaydalarının tətbiq olunması da zərurət olacaq.