Laçınlı gənclər Ali Baş Komandanın döyüş əmrinə hazırdırlar
Ağcabədi, 17 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 200-dən çox laçınlı gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət edərək, müvafiq qaydada qeydiyyata alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, könüllü olaraq orduda xidmət etmək və mənfur düşmənə qarşı döyüşlərə qatılmaq üçün müraciət edən laçınlı gənclərə müvafiq qanunvericiliyin tələbləri ətraflı izah olunaraq, atdıqları bu addım yüksək qiymətləndirilib.
Laçınlılar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etmək üçün döyüşlərə atılmağa hazır olduqlarını bəyan ediblər. Hazırda laçınlı gənclərin könüllü olaraq orduda xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciətləri davam edir.